• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » “Bakı–Daşkənd müttəfiqliyi: Türk dünyasının yüksələn strateji dayağı”

  

“Bakı–Daşkənd müttəfiqliyi: Türk dünyasının yüksələn strateji dayağı”

Tarix : Bu gün, 11:45 Kateqoriya :---
“Bakı–Daşkənd müttəfiqliyi: Türk dünyasının yüksələn strateji dayağı”
 
Azərbaycan Respublikasının Prezidenti Cənab Prezident İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin hansı mərhələdən keçərək bugünkü strateji səviyyəyə yüksəldiyini anlamaq üçün mühüm siyasi materialdır. Müsahibənin diqqət çəkən xüsusiyyəti ondadır ki, burada iki ölkə arasındakı münasibətlər yalnız tarixi və mədəni yaxınlıq prizmasından təqdim edilmir. Siyasi dialoq, qarşılıqlı səfərlər, müttəfiqlik sənədləri, investisiyalar, ticarət, enerji, nəqliyyat, təhsil və Türk dünyası çərçivəsində əməkdaşlıq bir-biri ilə əlaqəli proses kimi ortaya qoyulur.
Azərbaycan və Özbəkistan münasibətlərinin bugünkü səviyyəsini bir anda formalaşmış hadisə kimi qiymətləndirmək düzgün olmazdı. Bu münasibətlərin arxasında uzun illər ərzində formalaşmış tarixi, mədəni və mənəvi yaxınlıq dayanır. Lakin son illərdə əsas dəyişiklik məhz bu mənəvi yaxınlığın dövlətlərarası münasibətlərdə konkret mexanizmlərə çevrilməsi olub. Cənab Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, son beş il ərzində ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi Azərbaycanla Özbəkistan arasında siyasi təmasların təsadüfi deyil, sistemli xarakter daşıdığını göstərir.
Münasibətlərin siyasi-hüquqi baxımdan yeni mərhələyə keçməsində 2023-cü ilin avqustunda Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu mexanizm iki ölkə arasındakı münasibətlərin ayrı-ayrı görüşlərdən asılı olmadan daha sistemli şəkildə əlaqələndirilməsinə imkan verib. Şuranın artıq Daşkənddə və Bakıda iki iclasının keçirilməsi siyasi dialoqun institusional xarakter aldığını göstərir.
Növbəti mühüm mərhələ 2024-cü ilin avqustunda Cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlıdır. Bu səfər zamanı imzalanan sənədlər, xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”, münasibətlərin siyasi əsaslarını daha da möhkəmləndirdi. Ardınca 2025-ci ilin iyulunda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması iki ölkənin münasibətlərini daha yüksək hüquqi-siyasi mərhələyə çıxardı.
Burada mühüm məqam ondan ibarətdir ki, “müttəfiqlik” anlayışı artıq sadəcə siyasi ritorika deyil, sənədlərlə təsbit olunmuş münasibətlər modelidir. Başqa sözlə, Azərbaycan və Özbəkistan arasında tarixdən gələn qardaşlıq münasibətləri müasir dövlətlərarası mexanizmlərlə möhkəmləndirilib.
Siyasi yaxınlaşmanın ən ciddi göstəricilərindən biri onun iqtisadi nəticələridir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. Artım 2026-cı ilin yanvar–may aylarında da davam edib və həmin dövrdə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib.
Bu rəqəmlərin əhəmiyyəti yalnız ticarət dövriyyəsinin artmasında deyil. Əsas məsələ iki ölkənin iqtisadi əlaqələrinin tədricən sadə mal mübadiləsindən qarşılıqlı investisiya və istehsal əməkdaşlığına keçməsidir. 2023-cü ildə, ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması bunun mühüm nümunəsidir. Şirkət hər iki ölkədə müxtəlif iqtisadi sahələr üzrə layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə xidmət edir.
İqtisadi əməkdaşlığın daha bir mühüm göstəricisi Hökumətlərarası Komissiyanın fəaliyyətidir. Bu günədək komissiyanın 15 iclasının keçirilməsi iqtisadi münasibətlərin təsadüfi təşəbbüslərlə deyil, daimi koordinasiya mexanizmi ilə inkişaf etdirildiyini göstərir.
Enerji sahəsində əməkdaşlıq da xüsusi diqqət çəkir. Azərbaycanla Özbəkistan arasında neft-qaz sektorunda əməkdaşlıq ən azı 2016-cı ildən sistemli xarakter daşıyır. Həmin il Özbəkistanın OZLITINEFTGAZ institutu ilə SOCAR-ın “NIPI Nefteqaz” strukturu əsasında “Neftegaztexnologiya” birgə müəssisəsi yaradılıb. Bu əməkdaşlıq iki ölkənin enerji sektorunda texniki və peşəkar imkanlarının birləşdirilməsinə şərait yaradıb.
2024-cü ildə SOCAR və “Özbəknefteqaz” arasında yaradılmış “Turan Energy AFEZCO” isə əməkdaşlığın daha fərqli istiqamətə keçdiyini göstərir. Burada söhbət yalnız enerji resurslarından deyil, Azərbaycan istehsalı olan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracından gedir. Bu, iki ölkənin enerji və sənaye potensialının bir-birini tamamlamasına nümunədir.
Münasibətlərin gələcək baxımından ən perspektivli istiqamətlərindən biri isə yaşıl enerjidir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika qurumları tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” MMC təsis edilib. Bu təşəbbüs Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizinin yaradılması, bərpaolunan enerjinin ixracı və gələcəkdə onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarının əlaqələndirilməsini nəzərdə tutur.
Bu layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan–Özbəkistan enerji əməkdaşlığı ənənəvi neft-qaz çərçivəsindən çıxaraq yeni enerji sisteminin formalaşdırılmasına doğru istiqamətlənir. Mərkəzi Asiyanın bərpaolunan enerji potensialı ilə Azərbaycanın enerji və nəqliyyat infrastrukturu arasında əlaqə yaradılması gələcəkdə regional enerji xəritəsinə ciddi təsir göstərə bilər.
Nəqliyyat sahəsindəki göstəricilər də münasibətlərin iqtisadi əsaslarının möhkəmləndiyini göstərir. 2025-ci ildə iki ölkə arasında tranzit daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar–iyun aylarında isə tranzit daşımalarında daha 12,2 faiz artım qeydə alınıb və göstərici 675 min ton təşkil edib.
Bu rəqəmlər Azərbaycan–Özbəkistan münasibətlərində coğrafi amilin nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Özbəkistan Mərkəzi Asiyanın daxilində, Azərbaycan isə Xəzərin qərb sahilində yerləşir. Bu iki coğrafiyanın nəqliyyat baxımından birləşdirilməsi Orta Dəhlizin imkanlarını artırır və Mərkəzi Asiya məhsullarının Qafqaz və Avropa istiqamətində daşınması üçün əlavə imkanlar yaradır.
Bu baxımdan Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası xüsusi perspektiv daşıyır. Cənab Prezident İlham Əliyevin müsahibəsində də bu inteqrasiyanın region üçün yeni iqtisadi və tranzit imkanları yarada biləcəyi vurğulanır.
İqtisadi əməkdaşlığın real nəticələrindən biri işğaldan azad edilmiş ərazilərdə özünü göstərir. Füzuli rayonunda 100 hektarlıq “Dostluq bağı”nın salınması Özbəkistanın Azərbaycanın bərpa prosesinə verdiyi dəstəyin konkret nümunəsidir. Eyni zamanda Azərbaycan ərazisində “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı həyata keçirilir. 2026-cı il iyulun 13-nə olan məlumata əsasən, Azərbaycanda 10 720 Chevrolet avtomobili və 275 Isuzu avtobusu istehsal edilib.
Bu fakt xüsusi əhəmiyyət daşıyır. Çünki burada artıq yalnız ticarətdən deyil, birgə istehsaldan söhbət gedir. Birgə istehsal iki ölkənin iqtisadiyyatlarını daha sıx bağlayır, texnologiya və təcrübə mübadiləsinə imkan verir və əməkdaşlığın uzunmüddətli xarakterini gücləndirir.
Azərbaycan–Özbəkistan iqtisadi əlaqələrinin digər göstəricisi qarşılıqlı investisiyalardır. 2026-cı ilin avqustuna olan məlumata görə, Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Özbəkistanda mühüm layihələr həyata keçirir. Daşkənddə “The Ritz-Carlton” brendi altında hotel və yaşayış kompleksinin, Daşkənd vilayətində isə “Sea Breeze Uzbekistan” layihəsinin həyata keçirilməsi Azərbaycan kapitalının Özbəkistan iqtisadiyyatında iştirakının genişləndiyini göstərir.
Lakin iki ölkə arasındakı münasibətləri yalnız iqtisadi rəqəmlərlə izah etmək mümkün deyil. Bu münasibətlərin ən dayanıqlı sütunlarından biri mədəni-humanitar əlaqələrdir. 2023 və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə isə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib. Həmin 2024-cü ildə Xivə şəhərində “Şuşa Günləri”nin keçirilməsi də iki xalqın mədəni yaxınlığının mühüm nümunəsidir.
Mədəni münasibətlərin dərinliyini başqa bir fakt da göstərir: Özbəkistan Milli Pedaqoji Universiteti böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır. Bu, Azərbaycan mədəni irsinin Özbəkistanda tanınmasının və iki xalq arasında ədəbi-mənəvi əlaqələrin tarixiliyinin göstəricisidir.
2025-ci ildə Bakının mərkəzində əsası qoyulan “Özbəkistan” parkı da bu qardaşlığın simvolik ifadələrindən biridir. Belə layihələr diplomatik münasibətləri şəhərlərin və cəmiyyətlərin gündəlik həyatına gətirir və dövlətlərarası əlaqələrin xalqlar arasında daha görünən olmasına şərait yaradır.
Təhsil sahəsində də konkret nəticələr var. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşı Özbəkistanda təhsil alıb. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına orta məktəb isə Azərbaycan torpaqlarının bərpası prosesində Özbəkistanın iştirakının mühüm nümunələrindən biridir.
İki ölkənin xalqlarını bir-birinə yaxınlaşdıran digər istiqamət turizmdir. Azərbaycana gələn Özbəkistan vətəndaşlarının sayı 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar–avqust aylarında isə 44 min nəfər olub. Bu dinamika siyasi münasibətlərin cəmiyyətlərarası əlaqələrə də çevrildiyini göstərir.
Regionlararası əlaqələrin genişlənməsi də bu prosesin mühüm hissəsidir. Bakı–Daşkənd, İsmayıllı–Riştan, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokənd, Biləsuvar–Termez, Mingəçevir–Namanqan, Füzuli–Gülüstan, Quba–Cizak və Beyləqan–Şəhrisəbz arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətlərinin qurulması dövlətlərarası münasibətlərin regionlara və şəhərlərə qədər genişləndiyini göstərir. Naxçıvan və Ürgənc arasında da qardaşlaşmış şəhər münasibətlərinin qurulması planlaşdırılır.
Azərbaycan–Özbəkistan münasibətlərinin regional əhəmiyyətini artıran əsas amillərdən biri isə Türk Dövlətləri Təşkilatıdır. 2025-ci ildə Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasında siyasi, iqtisadi və humanitar inteqrasiyanın gücləndirilməsi baxımından mühüm hadisə oldu. Azərbaycan və Özbəkistanın TDT çərçivəsində fəal əməkdaşlığı təşkilatın siyasi və iqtisadi imkanlarının genişləndirilməsinə xidmət edir.
Bu prosesin başqa mühüm mərhələsi 2025-ci ilin mayında Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü qəbul edilməsidir. Bu addım Türk dünyasının ortaq tarixi və mədəni irsinin qorunması istiqamətində Azərbaycan–Özbəkistan əməkdaşlığının daha geniş institusional müstəviyə keçməsinə imkan yaradır.
Mərkəzi Asiya ilə münasibətlər baxımından isə 2025-ci ilin noyabrında Daşkənddə keçirilən 7-ci Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü xüsusi əhəmiyyət daşıyır. Məhz həmin görüşdə Azərbaycanın bu platformada tamhüquqlu iştirakı ilə bağlı qərar qəbul edilib. Bunun nəticəsində əvvəlki “C5” formatı Azərbaycanın iştirakı ilə faktiki olaraq “C6” formatına çevrilib.
Bu qərarın siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Azərbaycan artıq Mərkəzi Asiya ilə yalnız kənardan əməkdaşlıq edən dövlət deyil. Ölkəmizin regional dialoqa tamhüquqlu qoşulması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin institusional səviyyədə möhkəmlənməsi deməkdir. Bu baxımdan Özbəkistanın Azərbaycanın bu prosesdə iştirakını dəstəkləməsi Bakı–Daşkənd münasibətlərində siyasi etimadın daha bir göstəricisidir.
Bütün bu faktları birlikdə təhlil etdikdə aydın olur ki, Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında ardıcıl siyasi xətt mövcuddur. 2023-cü ildə Ali Dövlətlərarası Şura yaradılıb, 2024-cü ildə strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə imzalanıb, 2025-ci ildə müttəfiqlik münasibətləri hüquqi sənədlə rəsmiləşdirilib və eyni ildə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində tamhüquqlu iştirakı qərara alınıb. Paralel olaraq ticarət, investisiya, enerji, nəqliyyat, sənaye, təhsil və mədəniyyət sahələrində konkret layihələr həyata keçirilib.
Bu mənzərə göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri yalnız siyasi liderlərin şəxsi münasibətlərinə söykənən əlaqələr deyil. Bu münasibətlər artıq dövlət qurumlarını, biznes strukturlarını, şəhərləri, universitetləri, media təşkilatlarını və vətəndaş cəmiyyətini əhatə edən çoxsəviyyəli əməkdaşlıq sisteminə çevrilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin UzA-ya müsahibəsinin əsas siyasi mesajlarından biri də məhz bu reallıqdır: Azərbaycan və Özbəkistan arasında formalaşan müttəfiqlik keçmişin ortaq dəyərləri üzərində qurulsa da, mahiyyət etibarilə gələcəyə hesablanıb. Burada söhbət yalnız iki dövlətin münasibətlərindən getmir. Söhbət Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən nəqliyyat yollarından, yeni enerji dəhlizlərindən, qarşılıqlı investisiyalardan, Türk dünyasının inteqrasiyasından və regionlararası əməkdaşlığın genişlənməsindən gedir.
Nəticə etibarilə, 21 avqust 2026-cı il tarixli müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə necə keyfiyyət dəyişdirdiyini göstərən mühüm siyasi qiymətləndirmədir. 2023, 2024, 2025 və 2026-cı illərdə atılmış ardıcıl addımlar təsdiqləyir ki, Bakı–Daşkənd münasibətləri artıq sadəcə diplomatik dostluq deyil, siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və regional ölçüləri olan hərtərəfli müttəfiqlik modelidir.
Bu modelin gələcək əhəmiyyəti isə iki ölkənin sərhədlərindən daha genişdir. Azərbaycanın Xəzər və Cənubi Qafqazdakı mövqeyi ilə Özbəkistanın Mərkəzi Asiyadakı imkanlarının birləşməsi Şərqlə Qərb arasında yeni iqtisadi və nəqliyyat bağlantılarının inkişafına, Türk dünyasında inteqrasiyanın dərinləşməsinə və Avrasiya məkanında qarşılıqlı faydaya əsaslanan yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edə bilər.
Başqa sözlə, Azərbaycan və Özbəkistan münasibətlərində artıq söhbət yalnız “qardaş iki dövlət” olmaqdan getmir. Qarşıdakı mərhələnin əsas məsələsi bu qardaşlığı daha böyük iqtisadi gücə, daha sıx regional əməkdaşlığa və Türk dünyasının beynəlxalq mövqeyini gücləndirən davamlı strateji tərəfdaşlığa çevirməkdir.
Həsən Xələfov
Bakı şəhəri,Sabunçu rayou 28 №-li tam orta məktəb
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ: qardaşlıqdan strateji müttəfiqliyə

    Azərbaycan-Özbəkistan münasibətlərində yeni ...

    Bu gün, 11:55

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xəbər arxivi

Avqust 2026 (66)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook

    Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
    Tel: 050 577 95 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı