Fakt Sübut » Cəmiyyət » Şahnaz xanım: Azərbaycanın Avrasiyada Güclənən Mövqeyi - Yeni Əməkdaşlıq Coğrafiyası və Sülh Gündəliyi

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq xarici siyasətin mühüm istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək məqsədilə Qırğız Respublikasına işgüzar səfəri də bu əlaqələrin genişlənən miqyasını nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilə bilər. Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi ilə yanaşı, Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında siyasi dialoqun intensivləşməsi bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yeni əməkdaşlıq körpüsünün formalaşmasına xidmət edir.
Azərbaycanın bu geniş coğrafiyada əhəmiyyətini artıran əsas amillərdən biri onun yalnız siyasi tərəfdaş kimi deyil, həm də mühüm nəqliyyat, logistika və iqtisadi bağlantı mərkəzi kimi çıxış etməsidir. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkəmizin müasir nəqliyyat infrastrukturu, beynəlxalq tranzit marşrutlarında artan rolu və regional layihələrin həyata keçirilməsində qazandığı təcrübə Azərbaycanı Avrasiyanın strateji məkanlarından birinə çevirir. Bu baxımdan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişləndirilməsi təkcə ayrı-ayrı dövlətlərin deyil, daha böyük coğrafiyanın iqtisadi gələcəyi üçün mühüm perspektivlər yaradır.
Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın münasibətlərinin inkişafı da bu siyasətin mühüm istiqamətlərindən biridir. Yarandığı dövrdən etibarən təhlükəsizlik, iqtisadi əməkdaşlıq, ticarət, nəqliyyat, enerji, elm, təhsil, mədəniyyət və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsini qarşıya məqsəd qoyan ŞƏT böyük geosiyasi və iqtisadi məkanı əhatə edir. Azərbaycanın təşkilatda dialoq tərəfdaşı kimi iştirakı ölkəmizin Avrasiya məkanında genişlənən əlaqələrinin məntiqi davamıdır. Bakının müxtəlif siyasi və iqtisadi platformalarla əməkdaşlığa açıq yanaşması Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində çevik və çoxşaxəli siyasət həyata keçirdiyini göstərir.
Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüşün gündəliyi də müasir dünyanın qarşısında dayanan mühüm məsələləri əhatə etdi. Davamlı sülh, inkişaf və rifah naminə əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr göstərdi ki, qlobal və regional problemlərin həlli getdikcə daha çox qarşılıqlı dialoq və ortaq fəaliyyət tələb edir. Azərbaycan məhz belə yanaşmanı dəstəkləyən, qarşıdurma əvəzinə əməkdaşlıq imkanlarını önə çıxaran dövlət kimi beynəlxalq platformalarda öz mövqeyini ardıcıl şəkildə ifadə edir.
Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsini şərtləndirən mühüm amillərdən biri də Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlardır. Uzun illər münaqişə və qarşıdurma ilə üzləşən Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra region üçün sülh və əməkdaşlıq gündəliyini irəli sürüb. Azərbaycan və Ermənistan arasında sülh istiqamətində atılan addımlar, sülh sazişinin mətninin paraflanması və münasibətlərin praktik müstəvidə normallaşdırılması istiqamətində görülən işlər Cənubi Qafqazın gələcək inkişafı üçün yeni imkanlar yaradır. Regionun qarşıdurma məkanından iqtisadi inteqrasiya və qarşılıqlı əlaqələr coğrafiyasına çevrilməsi Azərbaycanın irəli sürdüyü əsas strateji baxışlardan biridir.
Yeni mərhələnin diqqətçəkən xüsusiyyəti siyasi proseslərin iqtisadi və nəqliyyat əlaqələri ilə tamamlanmasıdır. Azərbaycan tərəfindən Ermənistana neft məhsullarının tədarükü, üçüncü ölkələrə məxsus yüklərin tranzit imkanlarının yaradılması, qarşılıqlı ticarətin genişləndirilməsi və yeni yerüstü kommunikasiyaların formalaşdırılması istiqamətində aparılan işlər sülhün yalnız siyasi bəyanatlarla məhdudlaşmamasının vacibliyini göstərir. Dayanıqlı sülh iqtisadi maraqların uzlaşdırılması, kommunikasiyaların açılması və xalqlar arasında uzunmüddətli əməkdaşlıq imkanlarının yaradılması ilə daha möhkəm təməl qazana bilər.
Prezident İlham Əliyevin “ŞƏT plyus” görüşündə Azərbaycan-Qırğızıstan münasibətlərinə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. İki ölkə arasında müttəfiqlik haqqında imzalanmış Müqavilə münasibətlərin siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirib. Azərbaycan və Qırğızıstanı ortaq tarixi-mədəni bağlarla yanaşı, müasir dövrdə iqtisadi əməkdaşlıq, investisiyalar, nəqliyyat əlaqələri və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək də yaxınlaşdırır. Bu münasibətlərin inkişafı Azərbaycanın bütövlükdə Türk dünyası və Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın beynəlxalq platformalarda qaldırdığı məsələlər sırasında beynəlxalq hüququn işlək mexanizmlərlə təmin olunması da mühüm yer tutur. Ölkəmizin uzun illər ərzində üzləşdiyi təcrübə göstərdi ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarların icrasının təmin edilməsi son dərəcə vacibdir. Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün təsirli mexanizmlərin yaradılmasının vacibliyini gündəmə gətirməsi də bu baxımdan xüsusi məna daşıyır. Belə mexanizmlərin mövcudluğu beynəlxalq hüquqa etimadın möhkəmləndirilməsinə və qlobal institutların münaqişələrin həllində daha təsirli rol oynamasına imkan verə bilər.
Azərbaycanın xarici siyasət kursunda çoxtərəflilik prinsipinə xüsusi önəm verilməsi ölkənin müxtəlif siyasi platformalarda fəal iştirakında da özünü göstərir. Qoşulmama Hərəkatına dörd il ərzində rəhbərlik etmiş Azərbaycanın topladığı diplomatik təcrübə, müxtəlif maraqlara malik dövlətlər arasında dialoqun təşviqinə verdiyi töhfə və qlobal çağırışlar qarşısında həmrəylik təşəbbüsləri ölkənin beynəlxalq mövqelərini daha da möhkəmləndirib. Azərbaycan böyük və kiçik dövlətlər arasında qarşılıqlı hörmətə, suverenliyə və beynəlxalq hüquqa əsaslanan münasibətlərin tərəfdarı olduğunu müxtəlif platformalarda nümayiş etdirir.
Bu gün Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş Avrasiya məkanında artan fəallığı ölkənin coğrafi üstünlüklərinin məqsədyönlü xarici siyasətlə tamamlanmasının nəticəsidir. Nəqliyyat dəhlizlərinin inkişafı, yeni iqtisadi tərəfdaşlıqların qurulması, Türk dünyası ilə inteqrasiyanın dərinləşdirilməsi, Şanxay Əməkdaşlıq Təşkilatı kimi mühüm platformalarla dialoqun genişləndirilməsi və Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılması vahid strateji xəttin ayrı-ayrı istiqamətləridir. Prezident İlham Əliyevin Bişkek səfəri və burada səsləndirdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycan yeni geosiyasi şəraitdə yalnız proseslərin iştirakçısı olmaqla kifayətlənmir, regional əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsində fəal mövqe nümayiş etdirir.
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
19-06-2025, 12:06
27-08-2025, 23:56
29-08-2025, 10:02
12-05-2025, 12:26
26-04-2025, 14:36