Fakt Sübut » Cəmiyyət » Mehriban Əliyeva – Dövlətçilik Dəyərlərinə, Xalqa Xidmətə və Xeyirxahlığa Həsr Olunan Şərəfli Fəaliyyət Yolu

26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Bu əlamətdar gün Azərbaycan cəmiyyətində böyük hörmətlə qarşılanan, uzun illərdir dövlətçilik, humanizm, milli-mənəvi dəyərlərin qorunması və insanlara qayğı prinsiplərinə söykənən fəaliyyəti ilə seçilən Mehriban xanım Əliyevanın keçdiyi zəngin həyat yoluna nəzər salmaq üçün də gözəl fürsətdir. 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində dünyaya gələn Mehriban Əliyevanın fəaliyyəti zaman keçdikcə ölkənin ictimai-siyasi, sosial və mədəni həyatının mühüm istiqamətlərini əhatə edib.
Mehriban xanım Əliyevanın fəaliyyətinə nəzər saldıqda onun Azərbaycan dövlətinə və xalqına xidmət amalını hər zaman üstün tutduğunu görmək mümkündür. Dövlətçilik ənənələrinə sədaqət, milli maraqlara bağlılıq, insanlara həssas münasibət və cəmiyyətin müxtəlif təbəqələrinin qayğılarına diqqət onun fəaliyyətində bir-birini tamamlayan əsas prinsiplərdir. Bu xüsusiyyətlər Mehriban xanım Əliyevanın həm ictimai xadim, həm də yüksək dövlət vəzifəsi daşıyan şəxs kimi fəaliyyətinin mahiyyətini müəyyən edən mühüm amillərdəndir.
Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın dövlətçilik fəaliyyətində sosial məsələlərə xüsusi həssaslıq nümayiş etdirilməsi diqqət çəkir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas məqsədlərindən biri vətəndaşların rifahının yüksəldilməsi, ölkənin davamlı inkişafının təmin edilməsi və Azərbaycanın daha da qüdrətlənməsidir. Mehriban xanım Əliyeva da bu siyasi kursun həyata keçirilməsində üzərinə düşən vəzifələri yerinə yetirməklə dövlət və xalq qarşısında xidmət nümunəsi nümayiş etdirir. Onun 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi dövlətçilik fəaliyyətində mühüm mərhələ olub.
Mehriban xanım Əliyevanın adı Azərbaycanda xeyriyyəçilik və humanitar fəaliyyətlə də sıx bağlıdır. Heydər Əliyev Fondunun prezidenti kimi onun rəhbərliyi altında həyata keçirilən müxtəlif layihələr təhsil, səhiyyə, mədəniyyət və sosial sahələri əhatə edib. Fondun fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, milli dövlətçilik ideyalarının gələcək nəsillərə çatdırılması xüsusi yer tutur. İnsanların problemlərinə həssas münasibət göstərilməsi, ehtiyacı olanlara yardım və cəmiyyət üçün faydalı təşəbbüslərin dəstəklənməsi bu fəaliyyətin humanist mahiyyətini nümayiş etdirir.
Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi naminə canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiram, onların ailələrinə qayğı, sağlamlığını Vətən yolunda itirən qazilərimizə diqqət hər bir azərbaycanlı üçün müqəddəs mənəvi borcdur. Mehriban xanım Əliyevanın fəaliyyətində də şəhid ailələrinə və qazilərə münasibətdə dövlətimizin yüksək ehtiram və qayğı prinsiplərinin qorunması xüsusi əhəmiyyət daşıyır. Vətən uğrunda ən böyük fədakarlığı göstərən qəhrəmanlarımızın ailələrinin yanında olmaq yalnız sosial məsələ deyil, həm də milli vicdan və mənəvi məsuliyyət məsələsidir.
Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə münasibəti də onun fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Milli musiqimizin, incəsənətimizin, ədəbiyyatımızın, tarixi abidələrimizin və xalqımızın zəngin mənəvi irsinin qorunması və dünyada tanıdılması istiqamətində uzun illər ərzində mühüm təşəbbüslər həyata keçirilib. Hələ 1995-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Mədəniyyət Fondu yaradılıb, 1996-cı ildə isə milli mədəniyyətimizin geniş təbliği məqsədilə “Azərbaycan – İrs” jurnalının əsası qoyulub. Bu istiqamətdə görülən işlər milli irsimizin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan qadınının cəmiyyətdəki nüfuzlu mövqeyindən danışarkən Mehriban xanım Əliyevanın fəaliyyəti ayrıca qeyd edilməlidir. O, müasir Azərbaycan qadınının ziyalılığını, iradəsini, ailəyə bağlılığını, milli dəyərlərə sədaqətini və dövlət həyatında fəal iştirakını özündə birləşdirən görkəmli ictimai-siyasi xadimdir. Dövlət idarəçiliyində yüksək vəzifə daşımaqla yanaşı, humanitar və mədəni təşəbbüslərə diqqət göstərməsi onun fəaliyyətinin çoxşaxəli xarakterini ortaya qoyur.
Mehriban xanım Əliyevanın idmanın inkişafına verdiyi töhfələr də geniş fəaliyyət yolunun mühüm səhifəsidir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi onun rəhbərliyi dövründə ölkəmizdə gimnastikanın inkişafı üçün mühüm işlər görülüb, Azərbaycan idmançıları beynəlxalq arenalarda uğurlar qazanıblar və müasir idman infrastrukturu yaradılıb. Azərbaycanın böyük beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi də ölkəmizin dünyada müasir və güclü dövlət kimi təqdim olunmasına xidmət edib.
Mehriban xanım Əliyevanın fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmır. Azərbaycan mədəniyyətinin, milli dəyərlərinin və ölkəmizin humanitar təşəbbüslərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində gördüyü işlər müxtəlif dövrlərdə yüksək qiymətləndirilib. Mədəniyyətlər və xalqlar arasında qarşılıqlı anlaşmanın təşviqi, Azərbaycanın zəngin irsinin dünyaya təqdim olunması onun beynəlxalq fəaliyyətinin mühüm istiqamətlərindən olub.
Bu gün Azərbaycan öz tarixinin qüdrətli inkişaf mərhələlərindən birini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin suverenliyinin və milli maraqlarının qorunması, işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi, şəhər və kəndlərimizin yenidən qurulması gələcəyə hesablanmış böyük dövlətçilik siyasətinin təzahürüdür. Mehriban xanım Əliyevanın dövlət başçısının yanında ölkənin inkişafına, milli birliyin möhkəmləndirilməsinə və xalqın rifahına xidmət edən fəaliyyət göstərməsi də bu ümumi dövlətçilik xəttinin mühüm tərkib hissəsidir.
Mehriban xanım Əliyevanın doğum günü münasibətilə ona ünvanlanan təbriklər yalnız bir əlamətdar tarixlə bağlı xoş arzular deyil. Bu təbriklər eyni zamanda onun dövlət və xalq naminə çoxşaxəli fəaliyyətinə, xeyirxahlıq təşəbbüslərinə, milli mədəniyyətimizin qorunmasına göstərdiyi diqqətə və humanist dəyərlərə verdiyi önəmə ifadə olunan hörmətin təzahürüdür.
Hörmətli Mehriban xanım! Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, tükənməz enerji və Azərbaycan dövlətinin qüdrətlənməsi, xalqımızın rifahı naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Qoy həyatınızın hər yeni ili yeni nailiyyətlər, xoş günlər və xalqımızın dərin hörməti ilə yadda qalsın. Doğum gününüz mübarək!
Dərin hörmətlə,
Şahnaz xanım
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
19-06-2025, 12:06
31-07-2025, 14:58
27-08-2025, 23:56
29-08-2025, 10:02
26-04-2025, 14:36