Fakt Sübut » 25 Oktyabr – Qubadlı şəhəri günü ilə əlaqədar

Azərbaycanın çoxəsrlik dövlətçilik və hərb tarixində 44 günlük Vətən müharibəsi misilsiz bir zəfər səhifəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı mənfur düşmən tapdağından azad edərək ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişdir. Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad olunması Böyük Qələbəyə gedən yolda strateji və mühüm bir dönüm nöqtəsi olmuşdur. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Qubadlının azad edilməsi Zəfərimizi daha da yaxınlaşdırdı və bu tarixi gün xalqımızın yaddaşına əbədi olaraq Qubadlı şəhəri günü kimi həkk olundu.
Qubadlı rayonu zəngin təbiəti, mənzərəli dağları, bərəkətli torpaqları və strateji coğrafi mövqeyi ilə seçilən qədim dərələr və çaylar diyarıdır. Bərgüşad və Həkəri çaylarının axdığı bu məhsuldar ərazi əsrlər boyu kənd təsərrüfatı, heyvandarlıq və sənətkarlığın inkişaf etdiyi mühüm məskənlərdən biri olmuşdur. Azərbaycanın milli dövlətçilik tarixində və Qarabağ regionunun sosial-iqtisadi həyatında Qubadlının özünəməxsus dəyərli yeri vardır. Ulu Öndər Heydər Əliyev hər zaman Qarabağ torpaqlarının, o cümlədən Qubadlının strateji əhəmiyyətini yüksək qiymətləndirmiş və regionun inkişafına böyük diqqət yetirmişdir.
1993-cü il avqustun 31-də Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal dövründə rəsmi İrəvan beynəlxalq hüquq normalarını və Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Qubadlı ərazisində qanunsuz məskunlaşma siyasəti aparmışdır. Rayonun tarixi, dini və mədəni abidələri, məscidləri, məktəbləri vandalizmə məruz qalmış, evlər və infrastruktur yerlə-yeksan edilmişdir. Düşmən bu torpaqların tarixi simasını dəyişdirməyə çalışsa da, Azərbaycan xalqının öz doğma yurduna olan sevgisini və inamını qıra bilməmişdir.
2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu misilsiz şücaət göstərərək düşmənin müdafiə xətlərini yardı. Şiddətli döyüşlər nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri, ardından isə rayonun kəndləri bir-birinin ardınca azad olundu. Qubadlı əməliyyatı hərbi baxımdan yüksək peşəkarlıq və qəhrəmanlıq tələb edən uğurlu hücum əməliyyatlarından biri kimi hərb tariximizə düşdü. Ulu Öndər Heydər Əliyevin banisi olduğu güclü dövlət və orduquruculuğu strategiyasının təntənəsi olan bu Zəfər sayəsində Qubadlı rayonu tamamilə işğaldan azad edildi və tarixi ədalət bərpa olundu.
İşğaldan azad edildikdən dərhal sonra Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilmişdir. Dağıdılmış infrastruktur yenidən qurulur, müasir standartlara cavab verən yaşayış kompleksləri, sosial obyektlər və kənd təsərrüfatı layihələri həyata keçirilir. "Böyük Qayıdış" proqramı çərçivəsində Qubadlıya öz doğma sakinləri mərhələli şəkildə qayıdır, rayonda həyat yenidən canlanır. Bu gün Qubadlı özünün ikinci və daha parlaq inkişaf dövrünü yaşayır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nəqliyyat-logistika imkanlarının genişləndirilməsi dövlətimizin prioritet vəzifələrindəndir. 2023-cü il sentyabrın 5-də Cənab Prezident İlham Əliyevin imzaladığı "Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu müasir infrastruktur layihəsi regionun gələcək iqtisadi inkişafına, nəqliyyat əlaqələrinin asanlaşdırılmasına və əhalinin rahatlığının təmin olunmasına böyük töhfə verəcəkdir.
Cənab Prezident İlham Əliyevin azad olunmuş Qubadlıya mütəmadi səfərləri, xüsusilə 23.12.2020-ci il tarixində Qubadlıda Azərbaycan bayrağını ucaltması, yeni infrastruktur obyektlərinin və yaşayış məntəqələrinin təməlini qoyması rayonun sürətli dirçəlişinin bariz göstəricisidir. Ulu Öndər Heydər Əliyevin vətənpərvərlik ideallarına söykənən bu böyük quruculuq missiyası Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Müəllif haqqında məlumat:
İşlədiyi məktəb: 81 nömrəli tam orta məktəb
Vəzifəsi: Azərbaycan dili və ədəbiyyat müəllimi
Adı və Soyadı:Əzimova Almaz
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
19-06-2025, 12:06
17-09-2026, 11:09
26-04-2025, 14:36
27-08-2025, 23:56
29-08-2025, 10:02