• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Qubadlı Şəhəri Günü: Zəfər tariximizin qürur səhifəsi

  

Qubadlı Şəhəri Günü: Zəfər tariximizin qürur səhifəsi

Tarix : Dünən, 10:59 Kateqoriya :---

Qubadlı Şəhəri Günü: Zəfər tariximizin qürur səhifəsi

Vətən müharibəsinin hər günü Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və torpaqlarımızın azadlığına olan sarsılmaz inamı ilə tarixə yazılıb. 2020-ci il oktyabrın 25-i isə bu şanlı salnamənin xüsusi əhəmiyyət daşıyan günlərindən biridir. Həmin gün Qubadlı şəhəri və ətraf kəndlər düşmən işğalından azad edilərək Azərbaycan xalqına böyük sevinc və qürur yaşadıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tarixi qələbə ilə bağlı özünün tviter hesabında paylaşım edərək bildirib: “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
Qubadlının azad olunması Azərbaycan Ordusunun əvvəlki uğurlu əməliyyatlarının məntiqi davamı və sonrakı hərbi qələbələrə aparan mühüm mərhələ idi. Cəbrayıl və Zəngilan rayonlarının işğaldan təmizlənməsi Şərqi Zəngəzurun qərb sərhədində, dağlıq ərazidə yerləşən Qubadlıya doğru irəliləmək üçün əlverişli şərait yaratmışdı. Qubadlının şərqində yerləşən Cəbrayıl istiqamətində düşmən qüvvələrinə endirilən ağır zərbələr, cənubda Zəngilan ərazisində həyata keçirilən uğurlu əməliyyatlarla birlikdə Ordumuzun rayonun inzibati sərhədlərinə çıxmasını təmin etmişdi. Döyüş meydanında yüksək peşəkarlıq, dəqiq taktika və qətiyyət nümayiş etdirən Azərbaycan hərbçiləri şəhəri və ətraf yaşayış məntəqələrini işğaldan azad etdilər.
Əməliyyatların gedişində Azərbaycan Ordusunun bölmələri Cəbrayıl istiqamətindən Yazı düzünə doğru irəliləyərək yarğanlardan keçib, düşmənin 21 səngərini və Qubadlı şəhərinə nəzarəti ələ keçiriblər. Digər hərbi hissələrimiz isə Zəngilan istiqamətindən hərəkət edərək Qubadlı rayonunun ərazisini və ətraf kəndləri azad ediblər. Bu əməliyyatlar çərçivəsində oktyabrın 23-də Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı və Zilanlı kəndləri Ordumuzun nəzarətinə keçib. Oktyabrın 25-də isə Qubadlı şəhəri ilə yanaşı, Çaytumas, Əfəndilər, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli və Xanlıq kəndləri də işğalçılardan təmizlənib.
Qubadlı uğrunda döyüşlərdə Yazı düzü yüksəkliyi xüsusi strateji əhəmiyyət daşıyırdı. Bölgədə ən şiddətli toqquşmaların yaşandığı bu yüksəklik üzərində nəzarətin təmin edilməsi hərbi əməliyyatların uğurla nəticələnməsində mühüm rol oynayırdı. Yüksəkliyin düşmən qüvvələrindən azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov qəhrəmancasına şəhid olub. Onun fədakarlığı Vətən torpağının azadlığı naminə canından keçən igidlərimizin rəşadətinin parlaq nümunəsidir.
Qubadlı əməliyyatının nəticələri yalnız şəhərin və kəndlərin azad olunması ilə məhdudlaşmırdı. Əməliyyat Azərbaycan Ordusuna ovaxtkı Laçın dəhlizi və Gorus-Qafan yolu istiqamətində nəzarət imkanlarını genişləndirməyə şərait yaradırdı. Bölmələrimiz Qubadlı-Laçın yolunu nəzarətə götürərək strateji yüksəkliklərdə möhkəmlənib, düşmənin xeyli canlı qüvvəsini zərərsizləşdiriblər. Zəngilan istiqamətindən həyata keçirilən hücum nəticəsində erməni silahlı birləşmələri mühasirəyə düşüb. Ağır itkilər verən düşmən qüvvələri silah-sursatını və hərbi texnikasını ataraq geri çəkilməyə başlayıb. Nəticədə yüksəkliklər, Qubadlı şəhəri və ətraf kəndlər Azərbaycan Ordusunun nəzarətinə keçib, Qubadlı-Laçın yolunun bağlanması təmin olunub. Bu qələbə Laçın istiqamətində irəliləmək üçün yeni imkanlar açıb və Silahlı Qüvvələrimizin ovaxtkı Laçın dəhlizi istiqamətində hərəkətini sürətləndirib.
Qubadlı əməliyyatının ümumi Zəfər strategiyasında oynadığı rolu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhərdə Azərbaycan Bayrağını ucaldarkən və azadlığın hərbi-siyasi əhəmiyyətini vurğulayarkən belə ifadə edib: “Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu”. Bu ardıcıllıq Qubadlının azad edilməsinin Şuşa Zəfərinə və düşmənin kapitulyasiyasına aparan yolda nə qədər mühüm mərhələ olduğunu bir daha göstərir.
Qubadlı torpağı Birinci Qarabağ müharibəsi illərində də ağır itkilər verib. Həmin müharibədə rayon 238 şəhid verib, 190 nəfər əlil olub, 78 nəfər isə itkin düşüb. Vətən uğrunda göstərdikləri misilsiz qəhrəmanlığa görə Qubadlıdan olan 10 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bu göstəricilər rayon sakinlərinin mübarizə əzmini, torpağa bağlılığını və Azərbaycanın azadlığı uğrunda apardıqları mübarizənin miqyasını əks etdirir.
2020-ci ildə başlayan Vətən müharibəsində də Qubadlı sakinləri torpaqlarımızın azadlığı uğrunda böyük fədakarlıq nümayiş etdiriblər. Rayonun 300-ə yaxın sakini könüllü olaraq döyüşlərə qatılıb. Onlardan 11-i şəhidlik zirvəsinə ucalıb, 40 nəfərdən çoxu isə qazi olaraq geri dönüb. Qubadlı rayonunun Yusifbəyli kəndindən olan əsgər Vüsal Yaqubov cəmi 19 yaşında Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Onun qəhrəmanlığı gənc nəslin Vətənə sədaqətinin və torpaqlarımızın müdafiəsi naminə göstərdiyi igidliyin rəmzidir.
Qubadlı şəhərinin azad edildiyi günün tarixi əhəmiyyəti dövlət səviyyəsində də rəsmiləşdirilib. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Bu tarix şəhərin işğaldan azad edilməsini, Azərbaycan Ordusunun qəhrəmanlığını və xalqımızın tarixi ədalətin bərpasına olan inamını təcəssüm etdirir.
Bu gün Qubadlıda həyatın yenidən qurulması, doğma yurda qayıdış və genişmiqyaslı bərpa işləri Zəfərin davam edən nəticələridir. İşğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq tədbirləri sürətlə həyata keçirilir, Şərqi Zəngəzurun qərb sərhədində yerləşən Qubadlının gələcək inkişafı üçün mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyev şəhərin azad edilməsindən sonra rayona bir neçə dəfə səfər edərək burada görülən işlərlə tanış olub, yeni layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.
2021-ci il oktyabrın 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Həmin səfər çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhərinə gedən Xanlıq-Qubadlı yolunun təməli qoyulub. Dövlət başçısı və birinci xanım, həmçinin “AzərEnerji” ASC-nin sistem əhəmiyyətli 1110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər. Bu layihələr rayonun infrastrukturunun bərpası və gələcək inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Səfər zamanı “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə də tanışlıq olub. Eyni zamanda, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub. Bu layihələr şəhərin müasir şəhərsalma prinsipləri əsasında qurulmasına, enerji təminatının gücləndirilməsinə və yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Qubadlının yenidən qurulması istiqamətində növbəti mühüm mərhələ 2023-cü il mayın 4-də baş tutub. Həmin gün Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın və 600 şagird yerlik tam orta məktəbin təməlini qoyub. Eyni zamanda, rayonun Xınalıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirilib. Layihənin birinci mərhələsində Xınalıq kəndində 356, Mahruzlu kəndində 145, Zilanlı kəndində isə 159 fərdi evin tikilməsi nəzərdə tutulub. Bu təşəbbüslər doğma torpaqlarından uzun illər ayrı düşmüş sakinlərin geri qayıtması və burada təhlükəsiz, rahat həyat qurması üçün mühüm zəmin yaradır.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qubadlı rayonunun kənd təsərrüfatı və turizm sahələrində yeni iqtisadi mərkəz kimi inkişaf etdirilməsi planlaşdırılır. Rayonun zəngin təbii imkanlarının və iqtisadi potensialının səmərəli istifadəsi, infrastrukturun yenilənməsi və yaşayış məntəqələrinin bərpası gələcək inkişafın əsas istiqamətlərindəndir.
Qubadlı bu gün təkcə hərbi qələbənin deyil, həm də milli iradənin, sarsılmaz birliyin və yenidən dirçəlişin rəmzidir. 25 oktyabr 2020-ci ildə şəhərin azad olunması Azərbaycan əsgərinin hünərini, xalqımızın Vətən sevgisini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər tarixi yaddaşımızda əbədi yaşayacaq, Qubadlının yenidən qurulan küçələrində, məktəblərində və yaşayış məhəllələrində həyatın canlanması isə qələbəmizin əbədiliyini gələcək nəsillərə çatdıracaq.
Bakı şəhəri, Nazim İsmayılov adına
80 №-li tam orta məktəbin direktoru
Təranə Müzəffərova
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı