Fakt Sübut » Səttar Möhbalıyev: "Qanlı Yanvar sovet imperiyasının son cinayəti və Azərbaycan xalqının ləyaqət imtahanıdır"

20 Yanvar faciəsi Azərbaycan tarixində təkcə qanla yazılmış bir gecə deyil. Bu hadisə sovet imperiyasının çökmə ərəfəsində törətdiyi ən ağır hərbi-siyasi cinayətlərdən biri, eyni zamanda Azərbaycan xalqının milli ləyaqətinin, azadlıq iradəsinin və müstəqillik əzminin təntənəsidir. 1990-cı ilin yanvarında Bakıda və ölkənin bir sıra bölgələrində törədilən qırğın əvvəlcədən planlaşdırılmış, məqsədyönlü və cəza xarakterli bir əməliyyat idi.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Qanlı Yanvarın kökündə dayanan əsas səbəb milli iradəni sındırmaq cəhdi idi. 1988-ci ildən etibarən Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan qoparmaq cəhdlərinə qarşı xalqın kütləvi etirazları, milli azadlıq hərəkatının güclənməsi Kreml üçün ciddi təhlükə idi. Azərbaycan xalqı açıq şəkildə sovet rəhbərliyinin ikili standartlarına, erməni separatizminə havadarlıq siyasətinə etiraz edirdi. Məhz bu səbəbdən Kreml Azərbaycanı “cəzalandırmaq” qərarı verdi. 20 Yanvar faciəsi xalqın milli iradəsini qırmaq, azadlıq hərəkatını boğmaq və Bakını qorxu altında saxlamaq məqsədi daşıyırdı. Bu cinayət öncədən planlaşdırılmış hərbi cinayət idi. 1990-cı il yanvarın ortalarından başlayaraq Bakıya misli görünməmiş hərbi qüvvə cəmləşdirildi. SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, DTK-nın xüsusi təyinatlı hissələri daxil olmaqla 66 mindən artıq əsgər və zabit şəhərə gətirildi. Onların bir hissəsi Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirildi. Xüsusilə diqqətçəkən məqam ondan ibarət idi ki, əməliyyata Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər olunmuş erməni mənşəli zabit və əsgərlər, habelə hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Bu fakt əməliyyatın etnik nifrət və siyasi qisas motivi daşıdığını açıq şəkildə göstərirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, birbaşa SSRİ KP MK-nın baş katibi Mixail Qorbaçovun əmri ilə sovet qoşunları Bakıya yeridildi. Heç bir hərbi müqavimət göstərməyən, əliyalın insanlar tanklardan, zirehli maşınlardan, avtomatlardan, pulemyotlardan atəşə tutuldu. Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarıldı. Küçələrdə, meydanlarda, evlərin qarşısında insanlar amansızcasına qətlə yetirildi. Qadın, uşaq, qoca anlayışı yox idi. Bu, klassik mənada kütləvi insan qırğını idi. SSRİ rəhbərliyi beynəlxalq hüququ da tapdaladı. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın tələblərinə baxmayaraq, fövqəladə vəziyyət haqqında əhali öncədən xəbərdar edilmədi. Rəsmi olaraq fövqəladə vəziyyətin 20 yanvar saat 00:00-da tətbiq edildiyi bildirilsə də, qoşunlar yanvarın 19-u saat 21:00-dan şəhərə daxil olmuşdu. Yəni insanlar hüquqi cəhətdən dinc həyat sürərkən güllələnmişdi.
Millət vəkili onu da bildirib ki, “Bakı əməliyyatı”na birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin, DTK sədrinin müavini Filip Babkov rəhbərlik edirdi. Fövqəladə vəziyyət elan olunana qədər 82 nəfər öldürülmüş, 20 nəfər ölümcül yaralanmışdı. Sonrakı günlərdə də qətllər davam etdi. Neftçalada, Lənkəranda insanlar güllələndi. Ümumilikdə 147 nəfər şəhid oldu, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi. Dövlətə və vətəndaşlara milyonlarla rubl maddi ziyan vuruldu. 20 Yanvar hadisələri sovet sisteminin Azərbaycandakı bütün mənəvi dayaqlarını dağıtdı. Xalqın Sov.İKP-yə inamı tamamilə məhv oldu. Minlərlə insan partiya biletlərini atdı. Sovet ideologiyası Azərbaycan üçün tam iflas etdi. Bu faciədən sonra xalq yalnız Kreml siyasətini deyil, daxildə öz siyasi maraqları naminə qanı alətə çevirən qüvvələri də tanımağa başladı. Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunan şəxslər hakimiyyətə gəldikdən sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verməkdən yayındılar. Bu da xalqda ciddi məyusluq yaratdı. Yenə də Ulu Öndər Heydər Əliyevin tarixi və cəsarətli mövqeyi xalqın imdadına çatdı. 1990-cı il yanvarın 21-də, həyatını təhlükə altına qoyaraq, Ulu Öndər Heydər Əliyev Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək sovet rəhbərliyini açıq şəkildə ittiham etdi. Bu bəyanat dünya miqyasında ilk və ən cəsarətli siyasi etiraz idi. Ulu Öndər Heydər Əliyev bu faciəni hüquqa, demokratiyaya, humanizmə zidd bir cinayət kimi qiymətləndirdi və Azərbaycan xalqının şərəfini müdafiə etdi. Ulu Öndərin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. 1994-cü ilin martında Milli Məclisin qərarı ilə bu hadisəyə rəsmi siyasi-hüquqi qiymət verildi. 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi. Bu, dövlət səviyyəsində şəhidlərin ucaldılması idi. Bu gün Ulu Öndərin siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şəhid ailələrinin sosial müdafiəsi gücləndirilib, aylıq təqaüdlər təsis olunub, Şəhidlər Xiyabanı və memorial komplekslər dövlət qayğısı ilə qorunur.
20 Yanvar faciəsi Azərbaycan xalqı üçün təkcə böyük itki deyil. Bu, milli azadlıq hərəkatının zirvəsi, müstəqil dövlətçiliyin mənəvi bünövrəsidir. Qanlı Yanvar Azərbaycan xalqının öz azadlığı uğrunda hər cür qurban verməyə hazır olduğunu bütün dünyaya sübut etdi. 20 Yanvar hadisələri dünya azərbaycanlılarının təşkilatlanmasına təkan verdi. Milli kimlik möhkəmləndi, müstəqillik ideyası dönməz xarakter aldı. 20 Yanvar həm hüzn, həm qürur tarixidir. Bu tarix sübut etdi ki, Azərbaycan xalqını qorxu ilə ram etmək mümkün deyil. Bu xalq şəhid qanı bahasına da olsa, azadlığı seçir-deyə Səttar Möhbalıyev fikrini yekunlaşdırıb. .
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
19-06-2025, 12:06
26-04-2025, 14:36
31-07-2025, 14:58
6-11-2025, 01:44
22-04-2025, 17:42