Fakt Sübut » Ömrün hər bir anı - təhsilə xidmət: ürəklərdə iz salan müəllim ünvanı -Mahir Həbib oğlu Naxçıvanski

20 yanvar 2025-ci il. Həyatını təhsilə və cəmiyyətə xidmətə həsr edən Mahir Həbib oğlu Naxçıvanski məhz bu gün aramızdan ayrıldı. Mahir müəllim ömrünü təhsilə, insanlara həsr etdi. Onun addımları hələ də hər sinif otağında, hər məktəb dəhlizində səslənir. Şagirdlərinin gözlərindəki o parıltı, müəllimlərinə duyduğu hörmət və minnətdarlıq, müəllimlərin xoş xatirələri Mahir müəllimin zəhmətinin əksidir. Onun gülüşü, həmişə ciddiyyətlə qarışıq olan, lakin hər zaman sevgi və qayğı ilə dolu söhbətləri, elə həmin dərslər kimi yaddaşlarda qalıb – ürəklərdəki silinməz xatirə kimi. Mahir müəlim kimi bir təhsil işçisinin həyatını bir məktəbə bənzətmək mümkündür: hər səhəri yeni bir dərs, hər günü yeni bir töhfə, hər ili yeni bir öyrətmə-tövsiyə dolu bir ömür. Mahir müəllim Oğuz təhsilinin inkişafına öz töhfəsini vermiş, hər bir vəzifəsindəki xidmətləri ilə yadda qalmış bir insan olaraq böyük itkidir, lakin bir ocağın, bir yurdun, bir elin xatirəsində yaşamaq da böyük şərəfdir.
1947-ci ildə Oğuz rayonunda tanınmış ziyalı ailəsində dünyaya göz açmış Mahir Naxçıvanski 1954-cü ildə Oğuz şəhər 1 saylı orta məktəbinin birinci sinfinə daxil olub. Qeyd edək ki, Mahir müəllimin valideynləri - atası Həbib Naxçıvanski və anası Səriyyə müəllimə bir əsr müddət ərzində Oğuz təhsilinin inkişafına misilsiz töhfələr veriblər. . Hər ikisi “Əməkdar müəllim” fəxri adına layiq görülüblər. 1965-ci ildə Mahir Naxçıvanski məktəbi bitirərək, həyatının növbəti mərhələsinə qədəm qoyub. Təhsilini davam etdirmək məqsədilə 1967-1972-ci illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna qəbul olunub və bu ali təhsil müəssisəsini müvəffəqiyyətlə tamamlayıb. Təhsilinin təməlini qoymuş, hədəfini aydın müəyyənləşdirmiş Mahir müəllim həyat yolunun ilk addımlarını Oğuzda atıb, doğma rayonuna dönərək burada müəllimlik fəaliyyətinə başlayıb. 1973-1981-ci illərdə Qarabulaq və Kərimli kənd məktəblərində (həmin illərdə o kəndlərdə dərs demək əsl fədakarlıq idi) fəaliyyət göstərərək yüzlərlə şagirdin gələcəyinə yol açıb...
Haşiyə : Mahir Naxçıvanski kimi insanların həyat yolundan bəhs edərkən istər-istəməz düşünürsən ki, onun kimi şəxsiyyətlər yəqin ki, bu dünyaya təsadüfi gəlməyiblər. Eləcə də Mahir müəllimin sadəcə kiçik bir ailənin deyil, möhtəşəm bir şəcərə ağacının budaqlarını saran böyük nəslin təmsilçisi olması, onun gen səviyyəsində milli mənəvi dəyərlərimizin daşıyıcılarından biri olduğu təəssüratı insanı heç zaman tərk etmir. Həm bu təəssürat heç də boş yerdən əmələ gəlməyib. Məsələ bundadır ki, Mahir müəllimin mənsub olduğu nəsilin nümayəndələri arasında nəinki bu dəyərləri qoruyub-yaşadan, həmçinin onları yaradan insanlar da olublar. Məlum olduğu kimi, Azərbaycan tarixində qadınlar arasında görkəmli şairələr, ictimai-siyasi xadimlər, dövlət adamları heç də az olmayıb. Həmin şəxsiyyətlərin irsinə dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğı bəslənib. O cümlədən Azərbaycanın görkəmli şairəsi, xeyriyyəçi və mütəfəkkiri Xurşudbanu Natavan şəxsiyyətinə, irsinə, yaradıcılığına dövlətimiz tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilib. Bu gün əziz xatirəsini ehtiramla yad etdiyimiz Mahir Naxçıvanski də birbaşa Xan qızı Natavanın nəslinin bir nümayəndəsidir. Xatırlatmaq yerinə düşər ki, 2021-ci ildə, Şuşada Vaqif Poeziya Günlərinin bərpa olunması ilə bağlı verdiyi müsahibələrin birində Mahir müəllimin doğma bacısı IV, V, VI çağırış Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə xanım Naxçıvanlı bu barədə ona verilmiş sualı belə cavablandırmışdı: “...Bir qədər sadə olsun deyə nəsil şəcərəmizi belə təsvir edim: mənim atam Həbib Naxçıvanski Əkbər Naxçıvanskinin (general C.Naxçıvanskinin nəslindən – red.) oğludur. Əkbər Naxçıvanskinin anası Xanbikə də Xan qızı Natavanın doğma qızıdır. Beləliklə, mən birbaşa Xan qızı Natavanın kötücəsiyəm. Babam Əkbər Naxçıvanski isə Xan qızının sevimli nəvəsi olub və onun uşaqlıq illəri məhz nənəsinin, Xan qızı Xurşudbanu Natavanın yanında keçib.” Bunu da qeyd edək ki, Naxçıvanskilər nəslinin nümayəndələrindən 7 nəfəri hərbi qulluqda general rütbəsinə kimi yüksəliblər. Beləliklə, hər iki tərəfdən köklü nəsil şəcərəsi üzərində yüksələn Mahir Naxçıvanski də öz həyatını təmsil etdiyi nəslin adına, nüfuzuna yalnız şərəf gətirərək yaşadı.
Hər bir insanın cəmiyyətdə rolunun əhəmiyyətini ilk növbədə həmin şəxsin özünün dərk etməsinin vacib olduğunu anlayan Mahir müəllim, 1981-1982-ci illərdə Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru olduqdan sonra 1982-ci ildən ömrünün sonunadək rayon təhsil şöbəsində inspektor və metodist kimi fəaliyyətini davam etdirdi. O, yalnız təhsil prosesinin içində deyil, həm də rayondakı təhsil islahatlarının icrasına da fəal qatılıb, bu sahədə böyük töhfələr verib. Oğuzda hər il may ayının 10-da keçirilən ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş asfalt üzərində rəsm müsabiqəsi Mahir müəllimin təşəbbüsü ilə baş tutmuşdu. Müsabiqə, o dövrün təhsil mühitində yeniliklər gətirərək, şagirdlərin yaradıcılıq qabiliyyətlərini üzə çıxarmağa və onları cəmiyyətə tanıtmağa şərait yaratmışdı. Bir çox rayonun təhsilinə örnək olan bu tədbir, sonradan bütün ölkə üzrə genişlənərək, 2010-cu ildə Azərbaycan Respublikasının təhsil naziri tərəfindən ölkə miqyasında keçirilən rəsmi bir tədbirə çevrildi...
Haşiyə: Mahir müəllim beş uşaqlı ailənin (Mahir, Aqiyə, Yusif, Adilə və Natəvan) böyük övladı idi. Özü kimi bacı-qardaşlarının da hamısı ali pedaqoji təhsil almışdılar. Özündən üç il sonra dünyaya gəlmiş bacısı Aqiyə xanımın isə bir gün bütün ölkədə hətta onun özündən belə daha çox tanınan bir ictimai-siyasi xadim olacağı bəlkə də Mahir müəllimin ağlına gəlmirdi. Amma bəlkə də bu, Naxçıvanskilər ailəsi üçün heç də gözlənilməz olmadı. Nəticə etibarı ilə, nəsil şəcərəsində Xurşudbanu Natavan kimi bir örnək olduqdan sonra hansı zirvələrə yüksəlmək olmaz ki? Aqiyə xanım Naxçıvanlı Azərbaycan qadınının tarix boyu formalaşmış ən yüksək mənəvi dəyərlər məcmusunu sözün hərfi mənasında öz genomunda daşıyan, sədaqəti, səmimiyyəti, cəsarət və mərdliyi, fədakarlığı və digər yüksək insani keyfiyyətləri özündə cəmləşdirən əsil Azərbaycan xanımı obrazını həyatında, elmi-siyasi və idarəçilik fəaliyyətində yaşadan görkəmli simalarımızdan biridir. Birmənalı olaraq deyə bilərik ki, bu yüksək insani keyfiyyətlər Naxçıvanskilər ailəsinin hər bir üzvünə xas olan xüsusiyyətlər olub.
Mahir Naxçıvanski həyatı boyu yalnız müəllimlik deyil, həm də təhsil sistemindəki islahatlara, inkişaflara böyük diqqət yetirmiş, ardıcıl şəkildə təhsilə önəmli töhfələr vermiş bir insan kimi xatırlanır. Onun fəaliyyətinin mühüm bir hissəsini təşkil edən metodistlik dövrü isə xüsusilə diqqətə layiqdir. 1982-ci ildən etibarən Oğuz Rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışan Mahir müəllim həm pedaqoji işin, həm də təhsil islahatlarının düzgün və effektli tətbiqinə sadiq qaldı. Metodist olaraq fəaliyyətinin əsas istiqamətlərindən biri, müəllimlərin peşəkar inkişafını təmin etmək, tədris prosesinin keyfiyyətini artırmaq və yerli məktəblərdə təhsil standartlarını yüksəltmək idi. Mahir müəllim həmkarları ilə daim sıx əlaqə saxlayır, onların tədris metodlarını yeniləyərək modernizasiya etməyə çalışırdı. Bu, yalnız məktəblərin təhsil nəticələrini artırmaqla qalmayıb, həm də müəllimlərin öz işlərinə olan marağını və motivasiyasını gücləndirirdi. Onun təşəbbüsü ilə həyata keçirilən tədris proqramlarının təkmilləşdirilməsi, məktəblərdə seminarların və təlimlərin keçirilməsi, müəllimlər arasında əməkdaşlığın gücləndirilməsi bu sahədə Mahir müəllimin müstəsna xidmətlərindən biridir. Mahir müəllim yeniliklərə açıq insan idi. Bir metodist olaraq onun diqqəti yalnız məktəb içi işlərlə məhdudlaşmadı. O, həm də təhsil siyasətində baş verən yenilikləri yaxından izləyərək, rayonun təhsil sistemindəki bütün yenilikləri dərhal yerinə yetirilməsinə çalışırdı...
Haşiyə: Naxçıvanskilər ailəsinin daha bir tanınmış üzvü Yusif Naxçıvanskidir. Ömrünün 40 ildən çox hissəsini xalqa və dövlətə xidmətə həsr etmiş Yusif müəllim 1995-ci ildən 2022-ci ilin iyun ayına qədər, 27 il ərzində Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışmış və bütün bu müddət ərzində hər zaman xalqa təmannasız xidməti və Azərbaycan dövlətçiliyinə sonsuz sədaqəti ilə seçilmişdir. Əmək fəaliyyəti dövründə Yusif Naxçıvanskinin Oğuz rayonunun inkişafında, gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz xidmətləri olmuşdur. Təsadüfi deyil ki, Yusif müəllimin xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Yusif Həbib oğlu *Naxçıvanski* Oğuz rayon İcra hakimiyyəti başçısının müavini vəzifəsində səmərəli fəaliyyətinə görə Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Oğuz ağsaqqalları, sakinlər deyirlər ki, Yusif Naxçıvanskinin malik olduğu yüksək insani keyfiyyətlər onun vəzifə səlahiyyətlərinin icrası ilə bağlı fəaliyyətində də hər zaman özünü qabarıq şəkildə büruzə verib. COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkədə 24 mart 2020-ci il tarixindən xüsusi karantin rejimi elan olunduqdan sonra, Yusif müəllimin pandemiya dövründəki fəaliyyəti, imkansız ailələrin müəyyən edilməsi və onlara yardım göstərilməsi yönümündə gördüyü işlər bu gün də oğuzlular tərəfindən dərin minnətdarlıq hissi ilə xatırlanır. Yəqin ki, Mahir Naxçıvanskinin bir böyük qardaş kimi şərəfli həyat nümunəsi Yusif müəllimin də formalaşmasında təsirsiz ötüşməyib.
Mahir Naxçıvanskinin fəaliyyət dövrü həm də təhsil sahəsində həyata keçirilən islahatların uğurla tətbiq edilməsindəki rolu ilə önə çıxır. O, hər zaman yenilikləri əks etdirən bir təhsil anlayışını mənimsəmiş, təhsilin inkişafı naminə bütün varlığı ilə çalışmşdı. Mahir müəllim təhsil prosesinin hər bir detalına diqqət etmiş və bu fəaliyyəti sayəsində o, həm də təhsilə əsl mənada “həqiqi xidməti”ni göstərmişdir. Onun fəaliyyəti bu gün də Oğuz rayonunun təhsilində dərin izlər buraxmış, təhsil ictimaiyyəti tərəfindən böyük ehtiramla xatırlanır. Lakin Mahir Naxçıvanski yalnız pedaqoji sahədə deyil, həm də ictimai fəaliyyətdə öz izini qoymuşdur. O, dəfələrlə Oğuz Rayon İcra Hakimiyyətinin və ETİHİ rayon komitəsinin fəxri fərmanlarına layiq görülüb. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunması isə, Mahir müəllimin *əməyinə* verilən ən böyük dəyərdir.
Mahir Naxçıvanskinin bir oğlu, bir qızı və dörd nəvəsi vardır. Ömrünü təhsilə və insanlara xidmətə həsr edən bir insan üçün bu, arxada buraxdığı zəngin bir irsdir. Bu övladlar həmişə xalq tərəfindən sevilən, sözü-söhbəti dillərdə əzbər olan, xatirələrdə yaşayan, dəyərli insan Mahir müəllimlə qürur duyacaqlar. Mahir Naxçıvanskinin həyatı, fəaliyyəti və göstərdiyi əzmkarlıq, gələcək nəsillərə nümunə olacaqdır. Qoy, onun ardında qalan əziz xatirəsi hər zaman parlasın!
Heç nə unudulmur yol gedirik biz,
Yollara iz düşür ləpirimizdən.
Lentə yazılantək əməllərimiz,
Yazılır, hardasa iz qalır bizdən.
Allah rəhmət eləsin!
Ruhu şad olsun!
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
24-11-2025, 23:01
26-04-2025, 14:36
19-06-2025, 12:06
6-11-2025, 01:44
20-11-2025, 22:55